Kimin xəstəliyi daha vacibdir?

Bu məqalə ilk dəfə Femiskop tərəfindən  Creative Commons Qeyri-Kommersiya-Atribusiya 4.0 Beynəlxalq Lisenziyası altında dərc olunub. Yazının orijinalı üçün bu səhifəyə nəzər salın.


Bu günlərdə koronavirusa qarşı düzəldilən vaksinlərin effektivliyi, satışları, yan təsirləri haqda xəbər saytları və sosial mediadakı məlumatlar həyatımızın yeni bir hissəsinə çevrilib və böyük ehtimalla, bu hal hələ bir müddət davam edəcək. Peyvənddən yararlanacaq insanlar olaraq isə bu işin bizə ən böyük aidiyyatı odur ki, bir neçə vaksinın COVİD-19 xəstəliyinə qarşı effektivliyi və təhlükəsizliyi xoşbəxtlikdən sübut edilib və Azərbaycan daxil olmaqla, bir çox ölkədə peyvəndləmə prosedurlarına bir çox ölkədə başlanılıb. Geniş miqyasda vaksinasiyaya başlamazdan əvvəl  həmin vaksinlər, onların effektivliyindən və təhlükəsizliyindən əmin olmaq üçün bir neçə mərhələli kliniki sınaqlardan keçməli, yəni on minlərlə könüllü insan üzərində test olunmalı idi.

Koronavirusa qarşı vaksinlərə  misal olaraq, ABŞ-da yerləşən Moderna şirkətinə məxsus mRNA-1273 vaksinini göstərə bilərik ki, ABŞ Qida və Dərman Agentliyinin (FDA) təsdiqini almazdan əvvəlki kliniki sınaqda 30 min 351 amerikalı üzərində test edilib. Kliniki sınaq iştirakçıları arasında qadınların say nisbəti 47.3%, etnik olaraq isə, iştirakçıların 10.2 %-i qara dərili və ya Afrika mənşəli, 20.5%-i ispan və ya latino mənşəli olub (Baden et al., 2021). Bu statistik məlumatları incələməyimin səbəbi kliniki sınaqların iştirakçıları arasında bu qədər müxtəlifliyin olması ilə əlaqədardır ki, son illərə qədər çox qeyri-adi sayıla bilərdi. İndi 1980-ci illər olsaydı, koronavirus vaksini, əksərən ağdərili kişilərin üzərində test olunacaqdı. Vaksinin ağdərili kişilər üzərində effektiv və təhlükəsiz olduğu qənaətinə gəlindiyi halda qadınlar və etnik azlıqlara da vurulacaqdı. Hətta bu fərziyyəni bir kənara qoyub, hal-hazırda aptekdən rahatlıqla əldə etdiyimiz onlarla dərmanın tarixini araşdırsaq görərik ki, onlar keçən əsrin sonlarında icad olunublar və o vaxtkı standartlarla kliniki sınaqlarda əksərən kişilərin üzərində təhlükəsiz olduqları göstərildikdən sonra ümumi kütlə üçün istifadələrinə icazə verilib (Zucker and Prendergast, 2020). Bəs, bu tarixi faktın hal-hazırda önəmi nədir? Kliniki sınaqlar dərmanın effektivliyindən əlavə, dərmanın dozasını bəlirləmək, mümkün yan və mənfi təsirlərini öyrənmək məqsədi daşıyır. Təəssüf ki, qadınlar və qadın sağlamlığı uzun illər boyu elmi və kliniki tədqiqatlardan uzaq qalıb və nəticə etibarilə, bu gün qadınlarda dərmanla əlaqəli mənfi reaksiya riski kişilərlə müqayisədə 2 dəfə çox, mənfi reaksiyadan dolayı hostpitalizasiya sayı isə daha yüksəkdir (Zucker and Prendergast, 2020). Mənfi təsirlər dərmandan asılı olaraq, bəzən baş ağrısı, ürək bulanması kimi yüngül-keçici şəkildə olsa da, bir çox hallarda daha ciddi və həyati təhlükə yaradan fəsadlara da gətirib çıxara bilir. Ümumiyyətlə, məsələ təkcə dərmanların mənfi təsirləri barədə deyil, qadınların və digər gender nümayəndələrinin bu tip tədqiqatlarda limitli iştirakından yaranan elmi məlumat azlığı, bu qrupların daha keyfiyyətsiz səhiyyə xidmətilə üz-üzə qoyur. [1] Məsələn, ürək-damar xəstəlikləri qadınlarda daha az diaqnoz olunur və buna görə də bəzən ürək xəstəlikləri “kişi xəstəliyi” kimi görülür. Halbuki, araşdırmalar göstərir ki, əslində qadınlarda ürək-damar xəstəliklərindən dolayı ölüm nisbəti kişilərlə müqayisədə daha yüksəkdir. Sadəcə, qadınlarda ürək-damar xəstəlikləri simptomları  kişilərdən  fərqləndiyi üçün daha az diaqnoz olunur(Gao et al., 2019). Bəs, tibbi və bioloji elmlərdə bu diskriminasiyanın kökündə nə dayanır?

Qadınları və digər gender nümayəndələrinin varlığını görməzdən gəlmək, demək olar ki,  bütün sahələrə xas tarixi və siyasi patriarxal ənənədir, lakin səhiyyənin tarixində, zənnimcə, özünəməxsus məqamlar var.  Bu məqamlar bizi feminist hərəkatların elm siyasətinə və elmə olan önəmli töhfəsini görməyə vadar edir ki, bu da elmin gələcək inkişafına böyük istiqamət verir. Fikirlərimi daha aydın izah etmək üçün bir qədər tarixə nəzər salmalı olacağıq və bunun üçün ABŞ-da gedən proseslərə xüsusilə diqqət yetirəcəyik. ABŞ-dakı qanunverici orqanların qərarları, farmakoloji sənayedə olan yeniliklər bütün dünyada diqqətlə izlənilir və əksər hallarda qlobal təsirə malikdir. 

Kollaj: Müjgan Abdulzadə və Rəşad Yusifov

Ümumiyyətlə, bu gün bizə tədris edilən tibb elminin böyük bir qismi ağdərili kişilərin digər ağdərili kişiləri öyrənməsiylə ərsəyə gəlib. Tibb və təbiət elmləri təhsiliniz varsa, 25-yaşlı, 70 kiloluq ağ kişi bədəninin kitablarda, tədqiqatlarda standart kimi götürülməsi çox yad olmaz sizə. Lakin, bunun patriarxal ənənə olmasından əlavə, bu və yeni dərmanların test edilməsi zamanı qadınların üçün kliniki sınaqlardan kənarda qalması kimi faktlar, 50-ci illərin sonundan başlayaraq,xoşagəlməz hadisələrin yaranmasına səbəb olmuşdur. Belə ki, 1957-ci ildən Qərbi Almaniyada Contergan adı altında satışa çıxarılmış Talidomid yuxu dərmanı öskürək, soyuqdəymə və hamiləlik toksikozuna (səhər xəstəliyinə) qarşı effektiv olan möcüzəvi dərman kimi reklam olunurdu. Reseptsiz satıldığı üçün hamilə qadınlar da Talidomiddən hamiləlik simptomlarını yüngülləşdirmək üçün istifadə edirdilər. Lakin, bir neçə il sonra məlum olmuşdur ki, hamiləlik dövrü ana bətnində Talidomidə məruz qalmış körpələrinin əzaları inkişaf etmir (Vargesson, 2015). Bundan sonra, 1961-ci ildə dərman satışdan  tamamilə  yığışdırılsa da, artıq 10 000-ə yaxın körpə ciddi fiziki deformasiyalarla doğulmuşdu. Bir müddət sonra, 1971-ci ildə hamiləlik dövründə uşaq düşmə riskini azaltmaq üçün istifidə olunan dietilstilbestrol (diethylstilbestrol) dərmanının ana bətnində təsirinə məruz qalmış qız uşaqlarında yüksək vaginal xərçəngi riski olduğu göstərildi (Herbst et al., 1971). Bu iki ardıcıl skandaldan sonra, 1977-ci ildə ABŞ-da FDA hamiləlik potensialı olan qadınların körpənin sağlamlığını riskə atmaması üçün kliniki sınaqlarda iştirakını qadağan etdi.

Hamiləlik potensialı olan bütün qadınların ilkin klinik tədqiqatlardan tamamilə kənarlaşdırılması qaydasına görə qadınlara kliniki sınaqlar sonrası uşaq dünyaya gətirmək planı olmadıqda belə, kliniki sınaqların ilkin  mərhələlərində iştirak etmək seçiminin verilməməsi hökümət tərəfindən paternalistik yanaşma idi. Lakin, FDA qadınları ilkin, adətən 200-300 nəfərə qədər iştirakçının olduğu kliniki sınaqın birinci fazasından uzaqlaşdırsa da, farma sənayesi öz maraqlarına uyğun olaraq, bu qaydanın tətbiqini daha da genişləndirərək  qadınları sınaqların növbəti və daha çox sayda iştirakçı üçün nəzərdə tutulmuş mərhələsindən də kənarlaşdırmışdı. Buna səbəb isə sadəcə kişilər üzərində keçirilən sınağın daha tez və ucuz başa gəlməsi idi. Məsələn, qadınlarda menstruasiya ilə əlaqədar hormonal dəyişiklərin bəzi dərmanların effektivliyinin səhih ölçülməsinə mümkün təsiri ola bilər ki, bu da kliniki sınağın nəticələrinə təsir edə bilər. Həmçinin, qadın kontraseptivlərinin test olunan dərmanla potensial əlaqədə ola biləcəyi və dərmanın dozasına, effektivliyinə, yan təsirlərinə mümkün təsirləri ola biləcəyi üçün kontraseptiv qəbul edən qadınların kliniki sınaqlarda iştirakı farmakoloji şirkətlər üçün arzuolunan deyildi. Bu kimi səbəblərə görə, qadın iştirakçılardan toplanan məlumatlar əlavə analizlərə, ya da fərqli eksperimental dizayna ehtiyac yaradırdı. Bu isə prosesi uzun və bahalı edirdi. Məsələnin dərmanı istifadə edəcək insanlar üçün önəmli tərəfi o idi ki, məhz elə qadınlardakı hormonal dəyişikliklərin və kontraseptivlərin fonunda dərmanların necə işləyəcəyi haqda məlumat toplanmırdı ki, bu da gələcəkdə həmin dərmanların qadınlarda istifadəsində problemlərə yol açacaqdı. Hormonal fərqliliklərdən də əlavə, bioloji cinslər arasındakı fizioloji, anatomik, genetik fərqlər dərmanların orqanizm tərəfindən fərqli mənimsənməsinə səbəb olur ki, bu da bəzi hallarda dərmanla əlaqəli yan və mənfi effektlərə yol aça bilir. 

Bioloji cinslər arasındakı fərqlərin yeni dərman kəşfində və tətbiqində önəmini daha yaxşı görmək üçün dərmanların bədəndə məruz qaldığı proseslərə yaxından baxmalıyıq. Dərman olaraq qəbul edilən kimyəvi maddələr bədəndə, bir qayda olaraq, bir neçə mərhələdən ibarət mexanizmlə lazımi orqana çatdırılır və bir müddət sonra metabolizma sayəsində bədəndən ifraz edilirlər. Həmin proseslərin hər birində, dərmanın qəbulundan sonra qana sovrulması, qan vasitəsilə bədəndə lazımi orqanlara paylanması, metabolizması, metaboliz olunan maddənin ifrazı kimi mərhələlərin demək olar hamısı üçün cinslər arasında fərqlər mövcuddur (Harris et al., 1995, Meibohm et al., 2002). Məsələn, qadınlarda mədənin boşalma müddətinin kişilərlə müqayisədə daha yavaş, mədənin turşuluğunun isə daha yüksək olması faktorları bəzi həzm sistemi vasitəsilə qəbul olunan dərmanların qana sovrulmasını daha asan və ya çətin edə bilər (Islam et al., 2017). Bunun ardınca, dərman qana keçdikdən sonra qadınlarda böyrəklərin filtrlənmə sürəti daha aşağı olduğu üçün dərman qanda daha uzun müddət qalır (Anderson, 2008). Həmçinin, cinslər arasında ortalama bədən çəkisinin fərqlənməsi, eyni dozada qəbul edilən dərmanın qadınlarda hər kiloqrama düşən miqdarını kişilərlə müqayisədə daha yüksək edir. Qadınlarda bədən yağının yüksək nisbətdə olması da bəzi dərmanların bədəndə nə qədər saxlanacağına təsir dedir. Bütün bu və digər burda sadalanmayan bioloji faktorlar nəticə etibarilə, dərmanın qandakı son dozasına çox böyük təsir göstərə bilir. Məsələn, antikoaqulyant (qan durulducu) dərman olan lepirudinin qəbulundan sonra dərman maddəsi kişilərdə 2 saat ərzində bədəndən xaric olsa da, qadınlarda 48 saat sonraya qədər qanda aşkar edilir və bu da arzuolunmaz qanaxma riskini artırır (Warkentin et al., 2006). Bəzi tədqiqatçılar problemin həlli yolu kimi, bədən çəkisinə uyğunlaşdırılmış dozaların təyin olunması ideyasını irəli sürsə də, uyğunlaşdırılmış dozaların qəbulundan sonra belə, bəzi dərmanların mənfi reaksiyalarının statistikalarında cinsi fərqlərin ola biləcəyi istisna olunmur(Zucker and Prendergast, 2020). Bu isə bioloji cinslər arasındakı fərqləri daha dəqiq araşıdırmağın və yeni dərman dizaynında bu fərqləri nəzərə almağın önəmini bir daha vurğulayır. Cinslər arasındakı bioloji fərqlər tarixən esensialist məcrada şərh edilsə də, insanların biologiyasındakı fərqlərin konstruktiv analizi onların bədənlərinə uyğun dərman və terapiyaların ərsəyə gəlməsinə imkan verəcək.

Kollaj: Müjgan Abdulzadə və Rəşad Yusifov

Hamiləlik potensiaalı olan qadınların kliniki sınaqlardan uzaqlaşdırılması nəticəsində, bioloji cinslər arasındakı fərqlərin öyrənilə bilməməsi və yaranan məlumat boşluğundan  narahatlığını bildirən ABŞ İctimai Səhiyyə Xidmətinin Qadın Sağlamlığı təyinatlı qrupunun təkidi sayəsində 1986-cı ildə ABŞ Milli Səhiyyə İnstitutu qadınların kliniki sınaqlarda mümkün qədər iştirakını dəstəkləyən qərar yayımladı. Lakin, bu qərar növbəti illərdə, demək olar ki, heç nəyi dəyişmədiyindən Konqres Qadınları Partiyası (Caucus) 1990-cı il tarixli Qadın Sağlamlığı Qanununu təsdiqlədi və bu sənəd qanunverici fəaliyyət üçün əsas yol göstəricisinə çevrildi. FDA verilən qərarın yaratdığı problemi etiraf edərək, yeni dərmanların kliniki sınaqlarında qadınlar haqda məlumat toplanması və bioloji cinsi nəzərə alan analizlərin aparılması üçün təlimatlar paylaşdı. Lakin, aparılan sorğular göstərirdi ki, şirkətlər hələ də bu təlimatları əksər hallarda yerinə yetirmirlər (FDA, 1983). Əslində, həmin şirkətlər üçün də market olunmuş dərmanın qadınlarda və etnik azlıqlarda pis təsirlərinin kliniki sınaqlardan sonrakı marketinq mərhələsində tapılması, həmin dərman üçün sonradan qanuni öhdəliklər və daha da böyük xərclər vəd edirdi. Lakin, bütün bunlara baxmayaq, farmakoloji şirkətlər qadınların kliniki sınaqlarda iştirakının dövlət orqanları tərəfindən məcbur ediləcəyi təqdirdə, əlavə xərclərin də dövlətin qarşılamalı olduğunu deyirdilər və beləcə, məsələ dalana dirənmişdi.

Bu zaman ərzində qadınların kliniki tədqiqatlardan uzaqda qalmasıyla onların sağlamlığına dəyən digər zərbə isə, yeni elmi kəşflərin onlara əlçatan olmaması idi və bu aspekt məsələnin həllində elə ən vacib nöqtə oldu. 1980-ci illərin sonunda QİÇS (AİDS) epidemiyasına qarşı müxtəlif yeni dərmanlar hələ də test olunarkən, xəstəliklə mübarizənin ən böyük çarəsi həmin kliniki sınaqlardan birində iştirak etmək və eksperimental dərmanın effektiv olacağına ümid etmək idi. QİÇS-ə yoluxmuş qadınlar kliniki sınaqlarda iştirak edə bilmədiklərinə görə  həm həmin dərmanlardan əksər hallarda məhrum idilər, həm də bu amil qadınlarda QİÇS-in müalicəsi ilə bağlı daha az məlumat toplanmasına səbəb olurdu. Bu vəziyyətlə əlaqədar, bəzi vətəndaş birlikləri FDA-ya 1977-ci il qərarını dəyişmək və qadınların kliniki sınaqlarda iştirakını təşviq etmək üçün petisiya ünvanlamışdılar. Məsələnin həllinə yönəlmiş digər həlledici qığılcım isə maşınqayırma sənayesindəki işçilərin etirazından sonra gəldi. Belə ki, Birləşmiş Maşınqayırma İşçiləri (United Automobile Workers) hamiləlik potensialı səbəbindən işdən çıxarılmaya görə açılmış məhkəmə işində Johnson Controls şirkətinə qarşı qalib gəldilər. 1991-ci ildə ABŞ Ali Məhkəməsi iş yerlərində hamiləlik potensialına görə işçilərin çıxarılmasını qadağan etdi, əvəzində isə iş yerlərinin sahiblərini işçilərini hamiləlik dövründə məruz qala biləcəkləri təhlükələr barədə məlumatlandırmaqla səlahiyyətləndirdi. Beləcə, qadınlar hamiləlik dövründə öz üzərlərinə götürdükləri riski dəyərləndirməkdə artıq özləri mükəlləf idilər və seçim etmək imkanları vardı. 

Bu hadisələrdən sonra, qadının öz seçimiylə özünün və körpəsinin sağlamlığının qayğısına qala biləcəyi ideyası, nəhayət ki, səhiyyə qanunvericilərinin də ağlına batmışdı. Bütün bu proseslərdən sonra, 1993-cü ildə ABŞ-da FDA əvvəlki qərarını dəyişdirərək yeni dərmanların qadınlar üzərində də test olunmasını tələb etməyə başladı. Ardınca Milli Sağlamlıq İnstitutu əlavə xərc bəhanəsiylə qadınları kliniki sınaqlardan uzaqlaşdırmağın qəbuledilməz olduğunu bəyan etdi. Həmin ərəfədə Avropada da gender meynstriminqinin ilk tərifi təsdiq olunmuşdu ki, bu da elmi siyasət daxil olmaqla bütün siyasi qərarlarda (policy) gender bərabərliyi aspektinin nəzərə alınmasını şərtləndirirdi. 1995-cil ildə BMT-nin Pekində keçirilən Beynəlxalq Qadınlar Konfransı gender meynstriminqinin dünyaca qəbul edildiyi əlamətdar hadisə idi. 1999-cu ildə Avropa Komissiyası elmin qadınlar tərəfindən, qadınlar üçün və qadınlar haqda olması üçün fəaliyyət planı hazırladı. Bu fəaliyyət planı həm qadınların akademik tədqiqat sahələrində təmsil olunmasını, həm də elmi tədqiqatların gender və bioloji cins mövzularını ələ almasını təşviq edirdi.

Feminist hərəkatlarının siyasi gündəliyə gətirdikləri dəyişikliklər sonrakı illərdə tibb sənayesi, dərman icadı və elmi tədqiqatlara datəsirsiz ötüşmədi və yazının əvvəlində bəhs etdiyimiz bugünkü koronavirus vaksin sınaqlarındakı iştirakçı müxtəlifliyinə görə qismən buna borcluyuq. Lakin, təəssüf ki, bu mövzuda irəliləyişin mükəmmələ çatmasına hələ də var.  2018-ci ildə dərc edilən və haqlı olaraq, “Bəzi şeylər dəyişdikcə eyni qalır” (“The More Things Change, the More They Stay the Same“) sitatıyla başlayan məqalələrindəki araşdırmaya əsasən, Geller et al (2018) göstərirlər ki, ABŞ-da Milli Sağlamlıq İnstitutu tərəfindən maliyələşən 142 kliniki sınaqdan 107-də hər iki cinsdən (binar) iştirakçı olub və sınaqların  cəmi 28-nin data analizində bioloji cins faktorunu nəzərə alınıb. Araşdırılan sınaqların içində irq və ya etnik mənsubiyyətlə bağlı data analiz edən cəmi 19 sınaq var idi (Geller et al., 2018).Əvvəllər kliniki sınaqların ilkin mərhələsində qadağa  səbəbindən  qadınlar tamamilə iştirak edə bilmirdisə, bu rəqəm 2009-cu ilədək 30%-ə çatmışdı (Pinnow et al., 2009). Yəni, qanunvericilkdə olan dəyişiklik belə bu istiqamətdəki irəliləyişə istənilən təkanı verməmiş kimi görsənir. Artıq qadınların kliniki sınaqlardan hüquqi olaraq uzaqlaşdırılmadığına baxmayaraq, niyə hələ də kliniki sınaqlarda qadınların say nisbəti aşağı olaraq qalır? Kliniki sınaqlar bir çox halda həftələrlə uzanır və gündəlik kliniki müayinə və ya həkim ziyarəti tələb edir. Bəzi hallarda qadınların kliniki sınaqlarda iştirak onların gündəlik uşaqlara və yaşlılara qulluq öhdəlikləriylə uyğun gəlmədiyi üçün alınmır (Fisher and Ronald, 2010). Başqa sözlə desək, qadınların kliniki sınaqda iştirak etməyə bəzən, sadəcə olaraq, kişilər qədər vaxtı olmur. Odur ki, yeni dərmanların sınaqları və təsdiqlənməsi prosesi təkcə tibbi və ya elmi bir proses deyil, həm də siyası və iqtisadi hadisədir ki, gender də bu prosesdə sözsüz rol oynayır.

Yazının sonunda isə gender rollarının dərman siyasətinə olan təsirinin ən faciəvi-yumorist örnəklərindən birinə baxmaq yerinə düşər. Mifepriston 1980-ci illərdə icad edilmiş post-koital abort üçün istifadə olunan dərmandır. Dərmanın həm təhlükəsiz, həm də effektiv olduğuna dair elmi dəlillər 1980-ci illərin sonlarında Fransada təsdiqlənlənsə də ABŞ-da FDA əlavə tədqiqatların aparılmasını istəmişdi. Bu məlumatlar əldə olunduqdan sonra 1996-cı ildə FDA dərmanın həm effektiv, həm də təhlükəsiz olduğunu qəbul etmiş, lakin bu dəfə məhsul bazara çıxmazdan əvvəl əlavə etiket və istehsal məlumatlarının lazım olduğunu şərtləndirərək təsdiqini təxirə salmışdı. Sonradan isə dərmanın istehsalı üçün kimyəvi xammal tədarükçüsü dəyişdikdə, FDA yeni tədarükçüdən alınan maddələrlə düzələn dərmanların effektivliyini göstərən məlumatlar istəyərək, əlavə gecikməyə səbəb olmuşdu. Nəhayət, 20 illik prosedurdan sonra Mifepriston 2000-ci ildə ABŞ-da satış təsdiqini ala bilmişdi. Anti-abort qruplarının təzyiqiylə isə Mifepriston-un aptekdən reseptsiz alınması qadağan olunmuşdu və həkim resepti mütləq idi. Bununla belə, dərmanın satış icazəsi illərdir böyük siyasi müzakirələrə yol açır. Müqayisə üçün isə Viagra-ya baxaq. Bu dərmanın satışı 1998-ci ildə FDA tərəfindən cəmi 6 ay içində təsdiqlənmişdi. Viagra impotensiyanın müalicəsində “böyük sıçrayış” olaraq qiymətləndirilirdi. Lakin bir ilin içində Viagra ilə əlaqəli ölüm sayları artıq 242-ə çatmış və məlum olmuşdu ki, Viagra impotensiyanı sağaldan dərman deyil, sadəcə ereksiyanı (erectile) gücləndiricidir. Lakin, heç bir müalicəvi funksiyası olmamağına və ölümlə nəticələnən mənfi effektlərinə baxmayaq, Viagra-nın satışdan yığışdırılmasına dair heç bir plan olmayıb.

Fisher və Ronald (2010) öz məqalələrində yuxarıdakl nümunələrlə gender normalarının dərmanların mövcudluğunu necə müəyyənləşdirdiyini göstərir. Zahirən, Mifepriston-un FDA tərəfindən təsdiqləmə prosesi boyunca yavaş irəliləməsinə təsir edən aborta qarşı olan siyasi qruplar idi. Daha dərin bir səviyyədə isə bunu gender siyasəti kimi görmək olar, çünki gender normaları qadınlarda seksual azadlığı problemli görür, kişilərdə isə yox. Kontraseptivə bənzər Mifepriston, qadınları azadlıqla təmin edəcəyi üçün təzyiqlə qarşılaşdığı halda, eyni şeyi kişilər üçün vəd edən Viagra-ya qarşı heç bir təzyiq olmur. Yəni, gender rolları və siyasəti təkcə kliniki sınaqların kimin üzərində keçirələcəyi, məlumatların necə analiz ediləcəyi kimi elmi faktorları deyil, həm də, ümumiyyətlə, hansı dərmanın satışa nə vaxt çıxacağına təsir edə bilir. 

İstinadlar

  • ANDERSON, G. D. 2008. Chapter 1 Gender Differences in Pharmacological Response. International Review of Neurobiology. Academic Press.
  • BADEN, L. R., EL SAHLY, H. M., ESSINK, B., KOTLOFF, K., FREY, S., NOVAK, R., DIEMERT, D., SPECTOR, S. A., ROUPHAEL, N., CREECH, C. B., MCGETTIGAN, J., KHETAN, S., SEGALL, N., SOLIS, J., BROSZ, A., FIERRO, C., SCHWARTZ, H., NEUZIL, K., COREY, L., GILBERT, P., JANES, H., FOLLMANN, D., MAROVICH, M., MASCOLA, J., POLAKOWSKI, L., LEDGERWOOD, J., GRAHAM, B. S., BENNETT, H., PAJON, R., KNIGHTLY, C., LEAV, B., DENG, W., ZHOU, H., HAN, S., IVARSSON, M., MILLER, J., ZAKS, T. & GROUP, C. S. 2021. Efficacy and Safety of the mRNA-1273 SARS-CoV-2 Vaccine. N Engl J Med, 384, 403-416.
  • FISHER, J. A. & RONALD, L. M. 2010. Sex, gender, and pharmaceutical politics: From drug development to marketing. Gend Med, 7, 357-70.
  • GAO, Z., CHEN, Z., SUN, A. & DENG, X. 2019. Gender differences in cardiovascular disease. Medicine in Novel Technology and Devices, 4, 100025.
  • GELLER, S. E., KOCH, A. R., ROESCH, P., FILUT, A., HALLGREN, E. & CARNES, M. 2018. The More Things Change, the More They Stay the Same: A Study to Evaluate Compliance With Inclusion and Assessment of Women and Minorities in Randomized Controlled Trials. Acad Med, 93, 630-635.
  • HARRIS, R. Z., BENET, L. Z. & SCHWARTZ, J. B. 1995. Gender effects in pharmacokinetics and pharmacodynamics. Drugs, 50, 222-39.
  • HERBST, A. L., ULFELDER, H. & POSKANZER, D. C. 1971. Adenocarcinoma of the vagina. Association of maternal stilbestrol therapy with tumor appearance in young women. N Engl J Med, 284, 878-81.
  • ISLAM, M. M., IQBAL, U., WALTHER, B. A., NGUYEN, P. A., LI, Y. J., DUBEY, N. K., POLY, T. N., MASUD, J. H. B., ATIQUE, S. & SYED-ABDUL, S. 2017. Gender-based personalized pharmacotherapy: a systematic review. Arch Gynecol Obstet, 295, 1305-1317.
  • MEIBOHM, B., BEIERLE, I. & DERENDORF, H. 2002. How important are gender differences in pharmacokinetics? Clin Pharmacokinet, 41, 329-42.
  • PINNOW, E., SHARMA, P., PAREKH, A., GEVORKIAN, N. & UHL, K. 2009. Increasing participation of women in early phase clinical trials approved by the FDA. Womens Health Issues, 19, 89-93.
  • VARGESSON, N. 2015. Thalidomide-induced teratogenesis: history and mechanisms. Birth Defects Res C Embryo Today, 105, 140-56.
  • WARKENTIN, T. E., SHEPPARD, J. A., SIGOUIN, C. S., KOHLMANN, T., EICHLER, P. & GREINACHER, A. 2006. Gender imbalance and risk factor interactions in heparin-induced thrombocytopenia. Blood, 108, 2937-41.
  • ZUCKER, I. & PRENDERGAST, B. J. 2020. Sex differences in pharmacokinetics predict adverse drug reactions in women. Biol Sex Differ, 11, 32.

Qeyd

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Posts created 8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top